Qazaxıstanda baş verən təyyarə qəzasında Ukrayna, Qırğızıstan və Çin vətəndaşları da həlak olub
27.12.2019 [11:56]
Almatıda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsinin yad etmək məqsədi ilə dekabrın 28-i Qazaxıstanda ümummilli matəm günü elan olunub.
Ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb.
AZƏRTAC Qazaxıstanın “Xabar24” televiziyasına istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ekipaj heyyəti də daxil olmaqla 15 nəfər həlak olub. Onlardan 12 nəfərin adları məlum olub, qalan 3 nəfərin kimliyi hələlik məlum deyil. Ölənlər arasında 2 nəfər Ukrayna, 1 nəfər Qırğızıstan, 1 nəfər isə Çin vətəndaşı var. Hadisə nəticəsində 49 nəfər yaralının olduğu bildirilir ki, onlardan 18 nəfərinin vəziyyəti ağırdır.
Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb.Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub.