CƏMİYYƏT


Cəlilabad sakinindən yeddi kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini Teymur Hüseynov Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm içərisində 15 ədəd psixotrop maddə olan metadon aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Teymur Hüseynovun rayon ərazisində yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi məlum olub. Onun evinin həyətində yerləşən yarım tikiliyə baxış zamanı ümumi çəkisi 4 kiloqram 45 qram olan tiryək və 3 kiloqram heroin aşkar olunaraq götürülüb.