Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meşələrdə qiymətli ağacları kəsərək satan dəstə üzvləri ifşa olunub ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ

14.03.2020 [14:54]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz və Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul idarənin əməkdaşları tərəfindən qanunsuz kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olub.

Qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürülüb.
Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacların kəsilərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilir.