Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda qadına zor tətbiq edərək çantasını əlindən alıb qaçan şəxs dərhal yaxalanıb

19.03.2020 [17:16]

Xəbərin mətni

Vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də paytaxtın Nizami rayonu ərazisində baş verib. R.Rüstəmov küçəsi 24 ünvanında naməlum şəxs Bakı şəhər sakini olan T.Gərayevaya zor tətbiq edərək onun içərisində 104 manat məbləğində pulu, mobil telefonu, sənədləri və digər şəxsi əşyaları olan çantasını əlindən alaraq hadisə yerindən qaçıb. Yaranan səs-küyə xidmətdən kənar vaxtı həmin yerin yaxınlığından keçən Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı polis serjantı Əziz Qurbanov dərhal reaksiya göstərərək qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb. Polis əməkdaşı cinayəti törədən şəxsi yaxalayaraq soyğunçuluq yolu ilə ələ keçirdiyi maddi sübutla birlikdə ərazi üzrə 24-cü polis şöbəsinə təhvil verib.