CƏMİYYƏT


Xüsusi karantin rejimini pozan şirkət rəhbəri həbs edilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, “Birlik-B” MMC-nin təsisçi-direktoru Şahismayıl Orucov karantin rejimi qaydalarını kobud surətdə pozmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, o, karantin dövründə sahibi olduğu MMC-yə qanunsuz olaraq işçilər götürərək onların adına özündə həqiqəti əks etdirməyən elektron müqavilələr bağlayıb. Daha sonra Şahismayıl Orucov həmin şəxsləri “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib və onların xüsusi karantin qaydalarının tələblərinə zidd olaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.