SİYASƏT


DTX Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla bağlı məlumat yaydı

Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

AZƏRTAC Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, aparılan araşdırmalarla Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlunun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.