CƏMİYYƏT


Ölkə ərazisinə 10 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
Belə ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Elvin Zeynalov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 390 qram narkotik vasitə heroin və 215 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları Elvin Zeynalovun Əmircan qəsəbəsində yaşadığı evə də baxış keçiriblər. Ordan isə idman çantasının içərisindən əlavə 4 kiloqram 650 qram heroin, 2 kiloqram 100 qram marixuana, 2 kiloqram 60 qram metamfetamin, 995 qram həşiş, 498 ədəd ümumi çəkisi 19,92 qram metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Beləliklə bu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.