SİYASƏT


Azərbaycan Respublikasının 102-ci ildönümü münasibəti ilə Fransadakı diplomatlarımız Xalq Cümhuriyyəti qurucularının məzarlarını ziyarət ediblər

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının 102-ci ildönümü münasibəti ilə Fransadakı diplomatlarımız Paris Sülh Konfransına qatılmış, ancaq sonradan Vətənə qayıda bilməyən Cümhuriyyət qurucularının xatirəsini yad edərək onların Paris və Paris ətrafındakı qəbirlərini ziyarət ediblər. Paris yaxınlığında Sən-Klu (Saint Cloud) qəbiristanlığında uyuyan Xalq Cümhuriyyətinin parlamentinin, eləcə də Paris Sülh Konfransında nümayəndə heyətinin sədri Əlimərdan bəy Topçubaşov və milli hökumətin rəsmi qəzeti “Azərbaycan”nın naşiri, Azərbaycanın məşhur bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı və nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəylinin xatirəsi yad edilərək, qəbirləri üzərinə əklil qoyulub. Milli hökumətin parlamentinin, eləcə də nümayəndə heyətinin üzvü Məhəmməd Məhərrəmovun Monparnas (Montparnasse) qəbirstanlığındakı qəbri ziyarət edilib və üzərinə əklil qoyulub. Paris ətrafında Bobinyi (Bobigny) müsəlman qəbirsitanlığına gələn diplomatlarımız ilk hökumətin ticarət və sənaye naziri olmuş, parlamentin və nümayəndə heyətinin üzvü Əkbər ağa Şeyxülislamovun xatirəsini yad edərək, məzarı üzərinə əklil qoyublar. Eyni zamanda, bolşevik işğalından sonra ölkəni tərk edib Fransaya gəlmiş azərbaycanlıların- Zülqədar bəy Ənuşirəvan, Zülqədarov Əli bəy, Vəzirova-ibrahimbəyova Xurşud, Qarabağ xanlarının nəslindən olan İbrahimbəyova-Çermoyeva Xavər, Zeynəlabdin Tağıyevin qızı və Əli Əsədullayevin həyat yoldaşı Tağıyeva Leyla, Azərbaycan parlamentinin sabiq üzvü və Xalq Cümhuriyyətinin ilk nazirlərindən olan Mirzə Əsədullayevin qardaşı Əsədullayev Əli və qardaşı oğlu Əsədullayev Nadir- məzarları da ziyarət olunub və onların məzarı üzərinə gül dəstələri qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır