SİYASƏT


Meksikanın dövlət televiziyasında Ermənistanın son hərbi təxribatlarından danışılıb

Meksikanın geniş izləyici kütləsinə malik televiziya kanallarından olan “Canal Once” dövlət televiziyasının “Xəbərlər” proqramında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun kanalın xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçisi Federiko Lamonta Ermənistanın son təxribatları ilə bağlı verdiyi müsahibə yayımlanıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, müsahibədə iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəs rejimini pozaraq ordumuzun iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonundakı mövqelərinə qəfil hücumlar təşkil etdiyini bildirən səfir Ermənistan tərəfinin belə təxribatlar törətməkdə məqsədinin ilk olaraq, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın 20 faiz ərazisini işğal etməsi və bu torpaqlarda yaşayan bir milyondan çox həmvətənimizə qarşı etnik təmizləmə aparması faktından yayındırmaq, habelə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan və onsuz da kövrək durumda olan danışıqlar prosesini sabotaj etmək olduğunu qeyd edib.