CƏMİYYƏT


Ölkə ərazisinə 30 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitə və psixotrop maddənin realizə olunmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Emin Əhədov saxlanılıb. Üzərində şəxsi axtarış aparılan zaman ondan 2 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Emin Əhədovun Yasamal rayonunda yaşadığı evdən 21 kiloqram 508 qram narkotik vasitə heroin və 8 kiloqram 989 qram psixotrop maddə metamfetamin aşkar edilib. Bu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 30 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.