CƏMİYYƏT


Qobu və ətraf qəsəbələrdə 80-ə yaxın evdən oğurluq edənlər saxlanılıb

Abşeron rayonu Qobu və ətraf qəsəbələrdə ayrı-ayrı vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb. Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu 28 May qəsəbəsində yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu şəxslər ifadələrində təkcə Abşeron rayonunun kənd və qəsəbəbələrində 60-a yaxın evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər. Elçin Əhmədov və Yusif Əsgərovun “fəaliyyəti” bununla da yekunlaşmayıb. Onlar paytaxtın Qaradağ, Binəqədi və Suraxanı rayonlarında da 20-yə yaxın evdən oğurluq etdiklərini etiraf ediblər.