MƏDƏNİYYƏT


Zəfər Günü Vyanada qeyd edildi

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova 8 Noyabr – Zəfər Gününün müasir Azərbaycan və Türk dünyası tarixində önəmli yerindən, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi ədaləti bərpa etməsindən danışıb. O, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarından keçən igid Azərbaycan övladlarının xatirəsinin hörmət və ehtiramla anıldığını vurğulayıb. Qeyd edilib ki, üç il öncə məhz Şuşa şəhərinin azad olunması ilə otuz illik münaqişəyə son qoyuldu, Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, regionda yeni reallıq yaratdı və yeni dönəmə start verildi.