MƏDƏNİYYƏT


“Can Laçın” ənənəyə çevrilir

İşğaldan azad olunmuş Laçına böyük qayıdış xalqın 30 illik Vətən həsrətinə son qoymaqla yanaşı həm də doğma yurdda kompakt birgə yaşayışın yeni konturlarını müəyyənləşdirir. Müasir dünya tələblərinə cavab verən infrastrukturun yaradılması, rentabelli müəssisələrin açılması, əhalinin iş yerləri ilə təmin olunması çağdaş insanın zəruri həyat şərtləridir. Gerşəkləşən mədəni layihələr isə insanların mənəvi—emosional ehtiyaclarının ödənilməsinə xidmət edir.
Bakı Abadlıq Xidməti MMC-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Novruz günlərində Laçında keçirilən “Can Laçın” yarmarkası yeni yaranmış təşəbbüsü ənənəyə çevirdi. Xatırladaq ki, Laçında ilk belə yarmarka Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirilib. Axır çərşənbə olan İlaxır çərşənbədə baş tutan ikinci yarmarka əhatə dairəsi və miqyasına görə birincidən fərqləndi, daha geniş, daha möhtəşəm oldu.