DÜNYA


Şanxayda beynəlxalq avtomobil sərgisi işə başlayıb

Çinin maliyyə mərkəi olan Şanxay şəhərində “Auto Shanghai 2021” beynəlxalq avtomobil sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iki ildən bir keçirilən sərgi dünyada avtomobil və ona aid mövzular üzrə ən böyük tədbirlərdən biri hesab olunur. Çində ilk peşəkar beynəlxalq avtomobil sərgisi olan “Auto Shanghai” 1985-ci ildən bəri ənənəvi qaydada təşkil olunur.
Ümumi ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgidə dünyanın tanınmış avtomobil istehsalçıları da daxil olmaqla 20 ölkədən təxminən 1000 şirkət iştirak edir. Sərginin gedişində 1500 avtomobil, o cümlədən ictimaiyyətə ilk dəfə təqdim edilən 50 yeni model nümayiş olunur.
Tədbiri minə yaxın yerli və əcnəbi jurnalist işıqlandırır.
Qeyd edək ki, dünyanın ən böyük avtomobil bazarı olan Çində ötən ilin yazında COVID-19 böhranı nəzarət altın alınandan sonra iqtisadiyyatın bərpası fonunda avtomobil satışları da dirçəlib. Təsadüfü deyil ki, “Mercedes-Benz”, “BMW” və “Audi” kimi tanınmış avtomobil istehsalçılarının ötən ilki satışlarının təxminən üçdəbiri Çində reallaşıb.