CƏMİYYƏT


İsmayıllıda dövlət dəstəyi ilə 15 kənd qonaq evi yaradılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib.
Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində yerləşir. KOBİA-nın dəstəyi ilə kənd qonaq evləri əsaslı şəkildə təmir edilib və onların sahiblərinin turizm və xidmət sahələrində bilik və bacarıqlara yiyələnməsi üçün silsilə təlimlər təşkil olunub. Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində qonaq evləri müvafiq avadanlıqlarla (divan və kreslo, stol və stul, yataq dəstləri, qarderob, soyuducu, kondisioner, televizor, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və sair) təmin olunub.