CƏMİYYƏT


Şəhidin həyat yoldaşı: Çalışacağam ki, oğlanlarım ataları kimi layiqli övlad olsunlar

Vətən müharibəsinin ilk günündən komandiri olduğu tank bölüyü ilə Füzuli istiqamətində döyüşə atılaraq, düşmənin ön cəbhə xəttini yaran zabitlərimizdən biri də şəhid baş leytenant Namiq Mailovdur.
AZƏRTAC xəbər verir ki, uşaqlıqdan özünə qəhrəman generallarımızı örnək seçən Namiq Mailov, 2001-2003-cü illərdə həqiqi hərbi xidmətdə olarkən həyatını hərb sənətinə həsr etməyi qarşısına məqsəd qoyur. Elə bu amalla gizirlikdən zabit hərbi rütbəsinə qədər yüksəlir. O, 2011-ci ildə könüllü olaraq Füzuli rayonunda tank taborunda xidmətə göndərilir. 2016-cı ildə kiçik leytenant rütbəsində bölük komandiri kimi Aprel döyüşlərinə qatılır. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq, igid tankçı sağaldıqdan sonra yenidən xidmətə qayıdır.