İQTİSADİYYAT


Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən qurulması yekunlaşır

Qusar rayonunda 12,5 kilometr uzunluğunda, 4 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı şəkildə yenidən qurması işləri yekunlaşır.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.