CƏMİYYƏT


Son 20 gündə 100 kiloqramdan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan daha 38 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ümumilikdə 100 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 1000 ədəd psixotrop tərkibli həb və 4 kiloqrama yaxın satışı qadağan edilən kimyəvi maddə olan civə çıxarılıb.
Daxil olmuş əməliyyat məlumatı əsasında eyni anda Sumqayıt şəhəri, Binəqədi və Nəsimi rayonlarında keçirilən tədbirlər zamanı Etiram Baxşəliyev, Bilal İsmayılov və Rafiq Məmmədov saxlanılıblar. Bu şəxslərdən və yaşadıqları evlərdən ümumilikdə 43 kiloqram, o cümlədən 25 kiloqram heroin, 11 kiloqram “patı”, “şüşə” adlandırılan metamfetamin, 4 kiloqram tiryək, 3 kiloqram marixuana və narkotik vasitələrin satışı zamanı istifadə etdikləri elektron tərəzilər aşkar olunub.