Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması davam edir
16.05.2022 [17:16]
Oğuz-Şəki avtomobil yolunun 34.6 kilometrlik əsas hissəsinin yenidən qurulması davam etdirilir. Əsas hissənin 7 kilometri 3-cü texniki dərəcəyə uyğun, 27.6 kilometri isə 2-ci texniki dərəcəyə uyğun şəkildə yenidən qurulur. Bunun üçün yolboyu genişləndirmə işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri zamanı yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilib. Bundan başqa, zəruri yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa edilib. Hazırda yolboyu yeni asfalt-beton örtüyünün 2-ci layının döşənməsi işləri aparılır.