İQTİSADİYYAT


Göyçay çayında sel sularından mühafizə tədbirləri görülür

Göyçay rayonunda Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində əkin aparılan sahələrin suvarılmasını təmin etmək üçün intensiv tədbirlər görülür. Bundan başqa, yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi üçün bir sıra işlər aparılır.
AZƏRTAC xəbər verir ki, rayonda sahələrin 7070 hektarı Göyçay çayından, 17772 hektarı Yuxarı Şirvan kanalından, 1607 hektarı Yekəxana su anbarından götürülən su ilə suvarılır. 2022-ci ildə hidrotexniki qurğularda cari təmir işləri aparılıb. O cümlədən Cəyirli kəndi ərazisində supaylayıcı qurğuda şlüzlərin, Mallı-Şıxlı kəndi ərazisində subölüşdürücü qurğuda şlüzlərin, Yeniarx kəndi ərazisində subölüşdürücü qurğunun, Çayarxı kəndi ərazisində su nizamlayıcı qurğunun, Məlikkənd kəndi ərazisində Çaxırlı suvarma arxında səviyyəqaldırıcı şlüzlərin təmiri işləri həyata keçirilib.