Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulur
22.06.2022 [13:59]
Respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Bu cür layihələrdən biri də Daşkəsən rayonunun Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında yenidən qurulan sözügedən yolun uzunluğu 31 kilometr təşkil edir. Yeddi min əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 kilometr hissəsi köhnə, yararsız asfalt, 20 kilometrlik hissəsi isə torpaq yoldan ibarət idi. Bu isə vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı.