MƏDƏNİYYƏT


Qədim Basqalda Novruz coşqusu

Qədim tarixə, zəngin mədəniyyətə malik olan Basqalın mənəvi dəyərləri sırasında Novruz bayramı özünəməxsus yer tutur. Novruz bayramı hər il İsmayıllının Basqal qəsəbəsində özünəməxsus şəkildə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, havanın bir qədər soyuq olmasına baxmayaraq, baharı qarşılamaq, Novruzu qeyd etmək üçün böyükdən-kiçiyə hər kəs qəsəbənin bazar meydanında tonqalın ətrafında toplaşıb. Milli ornamentlər və Novruz bayramına aid atributlar ilə bəzədilmiş Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunda qız-gəlinlərin hazırladıqları şəkərbura, paxlava, Basqal halvası, şirin çörəklər, boyanan yumurtalar, cücərdilən səmənilər, şux bayram rəqsləri, aşıqların, folklor qruplarının çıxışları bayrama xüsusi rəng qatıb. Novruzun personajları olan Kosa və Keçəlin hazırladıqları səhnəciklər uşaqlarda xoş əhvali-ruhiyyə yaradıb.