CƏMİYYƏT


FHN növbəti dəfə qəsdən yanğıntörətmə faktının üstünü açıb

Aprelin 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Bum qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədəki şabalıd ağacında yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
FHN-dən AZƏRTAC-a bildirilib ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Vüqar Əlirza oğlu Aslanov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.