CƏMİYYƏT


Qubadlıda bir tondan çox çətənə kolu məhv edilib

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Davudlu kəndi ərazisində xidmətdə olan zaman Bərgüşad çayının sahilində çətənə kolları aşkar ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əraziyə Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə rayon Polis Şöbəsinin istintaq qrupu baxış keçirib. Qeyd olunan ərazidə yabanı halda bitən çəkisi bir tondan artıq 1673 ədəd çətənə bitkisi müəyyən edilib və təhlükəsizlik tədbirlərinə riayət edilməklə toplanaraq yandırılma üsulu ilə məhv edilib.