İDMAN


Azərbaycan istənilən yarışın öhdəsindən gələ bilər

Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos iyunun 8-də Bakıda jurnalistlərə müsahibə verib. Spiros Kapralos bildirib ki, Avropa Oyunlarının tarixi Bakıda başlayıb. Məhz burada Avropa Oyunlarının məşəli yandırılıb. Azərbaycan gələcəkdə də bu yarışın təşkili ilə bağlı namizədliyini irəli sürə bilər. Ölkədə bunun üçün çox güclü infrastruktur var: Bakıda keçirilən ilk Avropa Oyunlarını xatırlayıram, arena, azarkeşlər mükəmməl idi. Azərbaycan dünya səviyyəli turnirlər təşkil etməkdə hələ də ən yüksək zirvədədir. Ötən həftə burada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ziyarət etdiyi taekvondo üzrə dünya çempionatı başa çatıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan istənilən yarışı yüksək səviyyədə təşkil etmək işinin öhdəsindən gələ bilər. Azərbaycan yarışın təşkili ilə bağlı elə irs qoyub ki, sonrakı Oyunlara ev sahibliyi edəcək ölkələr ən azı Bakıdakı standartlara cavab verməyə çalışırlar.