CƏMİYYƏT


Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşlarla görüşüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov avqustun 16-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa, Zəngilan şəhər və rayonlarından olan vətəndaşlarla görüşüb.
Bu barədə AZƏRTAC-a Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Görüşdə 20 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, həqiqi hərbi xidmətə bərpa olunma, Vətən müharibəsində iştiraka görə təltif olunma, müharibə veteranı adı və vəsiqəsinin verilməsi və sair məsələlərlə bağlı müraciət ediblər.