Texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülər aşkarlanıb
07.09.2023 [13:35]
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis İdarəsinin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən idarə etdiyi yük avtomobilinin dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücülər aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin sürücülərin qanunvericiliyin tələblərini pozaraq, “Zil” markalı nəqliyyat vasitəsinə təhkim olunmuş 62-BD-589 dövlət qeydiyyat nişanlarında “9” rəqəmini boya vasitəsilə dəyişərək “8” rəqəminə çevirdiyi və 01-BM-688 qeydiyyat nişanlı "KamAZ" markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanına palçıq sürtərək görünüşü çətinləşdirdiyi məlum olub. Hər iki sürücü Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Tağımının əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.