CƏMİYYƏT


Azərbaycana əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq gətirilən 31 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi birgə tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, bu şəxslərin xaricdə yerləşən turizm şirkəti vasitəsilə 2500 Amerika dolları müqabilində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edilməsi müəyyən olunub. Təşkilatçı əcnəbiləri Bakı şəhərində müxtəlif ünvanlarda yerləşdirib, onların mənzilləri tərk etmələrinə mane olaraq ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradıb. Aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.