SİYASƏT


“Paris razılaşmasının” qəbul edildiyi ölkə tərəfindən Azərbaycana qarşı atılan addım özünüinkardır

Azərbaycan dövləti siyasi gündəliyində sadəcə daxili, lokal məsələləri deyil, həm də xarici və qlobal problemləri də aktiv saxlayır. Dövlətimiz xalqımızın xislətinə və simasına uyğun olaraq bəşəri problemlərə biganə qalmır, bu istiqamətdə silsilə addımlar ataraq qlobal problemlərin həllində yaxından iştirak edir, sadəcə müşahidəçi və iştirakçı statusu ilə kifayətlənməyərək həm də təşəbbüskar qərarlar alır. Məhz elə bunun nəticəsidir ki, ölkələrin yekdil qərarı ilə Azərbaycanın COP29-a ev sahibliyi qəbul edilib. Şübhəsiz ki, bu, Azərbaycana göstərilən yüksək etimadın təzahürü olmaqla yanaşı, dövlətimiz bunu bir tərəfdən də əməkdaşlığı möhkəmləndirmək, mövcud və potensial baryerləri aşmaqda önəmli bir fürsət pəncərəsi kimi dəyərləndirdi. Fransa bu yekdil qərarı da, etimadı da dərk etməli, öz yıxıcı siyasətinin əksinə olaraq Azərbaycanın qurucu istiqamətdə həyata keçirdiyi siyasətinin təqdir edildiyini həzm etməlidir. Rəsmi Paris öz məkrli siyasətindən dönməyərək bu məsələdə də Azərbaycanın əleyhinə addımlar atır. Üstəlik o məsələdə Fransanın kininin həddi, miqyası və boyu özünü aşaraq Azərbaycanı boykot etməklə, əslində, iqlim dəyişikliyi sahəsində ümumdünya səviyyəsində aparılan işlərə zərbə vurur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova səsləndirib.