BMT-də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə 4-cü Könüllü Milli Hesabatı təqdim olunub
16.07.2024 [10:17]
İyulun 15-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qurumun Yüksək Səviyyəli Siyasi Forumu keçirilib. AZƏRTAC-ın verdiyi məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edib. Hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində Azərbaycan Hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər, əldə olunmuş uğurlar, o cümlədən DİM-ə investisiyaların cəlb olunması mexanizmi, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, dayanıqlı və inklüziv inkişaf sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat öz əksini tapıb. Sahib Məmmədov bildirib ki, Azərbaycan ərazisi dünyada ən çox minadan çirklənmiş 5 ölkə sırasındadır: “Minalar işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesinə mane törətməklə yanaşı Azərbaycan vətəndaşlarının mina qurbanına çevrilməsinə səbəb olur. Bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə 18-ci DİM irəli sürülüb və tərəfimizdən bu təşəbbüsün reallaşdırılması üçün 18-ci dayanıqlı inkişaf məqsədinin layihəsi hazırlanaraq yerli və beynəlxalq ictimaiyyətə təqdim olunub. 4-cü Könüllü Milli Hesabatda 18-ci DİM-in mahiyyəti və məqsədi ətraflı izah olunub”.