CƏMİYYƏT


Tovuzun dağlıq Çeşməli kəndində bal süzümündən REPORTAJ

Bu il yaz aylarından yayın əvvəlinə qədər havanın yağıntılı, qeyri-sabit keçməsi arıçılığa müəyyən qədər təsir göstərsə də, arıçılar pətəklərdən istədikləri məhsulu əldə edə bilirlər. Ötən il, demək olar ki, arılar yaxşı bal toplaya bilməmişdi. Bəzi arıçılar ümumiyyətlə süzüm etməmişdilər. İndi isə bal süzümündən arıçılar yüksək məhsuldarlıq əldə edirlər.

AZƏRTAC xəbər verir ki, Tovuz rayonunun aran hissəsində bal süzümünə bir qədər əvvəl başlanılsa da, dağlıq kəndlərdə arıçılar yeni süzüm edirlər. Hər tərəfi dağ-dərə, çəmənlik olan Çeşməli kəndində arıçılığa xüsusi maraq var. Müxtəlif çiçəklərdən ibarət geniş çəmənlik sahələr burada arıçılığı inkişaf etdirməyə şərait yaradır. İlkin müşahidələr onu deməyə əsas verir ki, yaz aylarında yağıntı olsa da, bol məhsul gözlənilir. Arıçılar arı ailələrindən təxminən 15-20 kiloqrama qədər bal götürə bilirlər.