SİYASƏT


Tural Gəncəliyev: ABŞ-dan, ümumiyyətlə, Qərbdən sırf müdafiə və təhlükəsizlik kontekstində heç bir asılılığımız yoxdur

İlk növbədə, müdafiə sahəsində imzalanmış və hazırda danışıqları davam edən müqavilələrə son verməklə, biz bir daha göstəririk ki, ABŞ-dan, ümumiyyətlə, Qərbdən sırf müdafiə və təhlükəsizlik kontekstində heç bir asılılığımız yoxdur. Azərbaycan özü müstəqil, güclü ölkədir, güclü Liderimiz var. Biz öz təhlükəsizliyimizi, geosiyasi planlarımızı, strateji baxışımızı ABŞ-ın dəstəyi olmadan özümüz həyata keçiririk. Çünki amerikalılar dünyanın əsas hegemon hərbi gücü olduqlarını düşünürlər. Hesab edirlər ki, onların hərbi dəstəyi olmadan heç bir ölkə müvəffəqiyyət qazana bilməz. Biz isə deyirik, xeyr, bizim özümüzün hərbi gücümüz var, özümüzün müdafiə sənayemizi inkişaf etdiririk. Azərbaycan nouhau hərbi texnologiyalarını inkişaf etdirir. Azərbaycan dəfələrlə sübut edib ki, özü buna qadirdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasında çıxışı zamanı Milli Məclisin deputatı Tural Gəncəliyev söyləyib.