ORDU


“İki çay arası”nda boğulan düşmən: Hadrut əməliyyatı

Ərgünəş dağı və onun ətəyində-Qozluçayın dərəsində yerləşən Hadrut... Bu strateji məntəqələr 44 günlük Vətən müharibəsində Zəfərə aparan yolda əsas dönüş nöqtələrindən biri hesab olunur. Qəsəbə uğrunda şiddətli döyüşlər 2020-ci ilin 7 oktyabrında başladı. Vətən müharibəsi dövründə on mindən çox fərarisi qeydə alınan Ermənistan ordusu əsas qüvvələrini Hadruta cəmləmişdi. Çünki düşmən Hadrutun nəzarətdən çıxmasının məğlubiyyəti qaçınılmaz edəcəyini yaxşı bilirdi.