CƏMİYYƏT


Adı “Qırmızı kitab”a düşən çöl quşunu ovlayan Qəmər Adaları vətəndaşı saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlə Xəzər dənizinin Zirə qəsəbəsi istiqamətində adı “Qırmızı kitab”a düşən çöl quşlarını qanunsuz olaraq ovlayan şəxslər müəyyən ediliblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xidməti ərazidə keçirilən tədbir zamanı Qəmər Adaları Respublikasının vətəndaşı 64 yaşlı Mohammad Ahmad və əvvəllər məhkum olunmuş 39 yaşlı Pərviz Quliyev saxlanılıblar. Yoxlama zamanı onlardan 5 ədəd ovlanması qadağan olunan “Qafqaz şahini” və ov ləvazimatları aşkarlanıb. Bu şəxslər qoruq ərazisində xüsusi olaraq yaratdıqları quyularda gizlənərək təlim görmüş eynicinsli çöl quşları vasitəsi ilə adı “Qırmızı kitab”a düşən “Qafqaz şahini”ni ovlayıblar. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.