SİYASƏT


Milli Məclisin sədri: Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətləri tarixi dövrünü yaşayır

Türkiyənin hər bir nailiyyətinə Azərbaycanda bizlər olduqca sevinir və fəxr hissi keçiririk. Bu da təbiidir. Bu reallıq məhz ortaq tarix, köklər, milli-mənəvi dəyərlərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsini əks etdirir. Müasir Azərbaycan-Türkiyə münasibətləri isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının parlaq təcəssümüdür. Bu münasibətləri səciyyələndirən ən böyük xüsusiyyət ölkələrimizin və xalqlarımızın həm sevincli, həm də kədərli günlərdə bir yerdə olması, bütün məsələlərdə bir-birini qeyd-şərtsiz və tərəddüdsüz dəstəkləməsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Türkiyə Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib. O qeyd edib ki, Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı haqlı mübarizəsinə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi Azərbaycan-Türkiyə birliyi və həmrəyliyini bütün dünyaya nümayiş etdirib.