Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb
14.11.2024 [15:36]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Yakov Milatoviç COP29-un yüksək səviyyədə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O vurğuladı ki, COP29-u uğurlu tədbir adlandırmaq olar. Monteneqro Prezidenti COP29-da 80-dən çox dövlət və hökumət başçısının iştirak etdiyini dedi və bildirdi ki, bu tədbir, eyni zamanda, Azərbaycanın nailiyyətlərini dünyada göstərir.
Yakov Milatoviç vurğuladı ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib. Qonaq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini qeyd edərək, ölkəmizin çox böyük və nadir inkişaf yolu keçdiyini məmnunluqla vurğuladı.