Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qalayçı: Misdən hazırlanmış qablara, samovarlara tələbat indi də var

25.11.2024 [18:04]

Xəbərin mətni

Xalqımızın tarix boyu yaratdığı bir çox sənət növləri kimi, qalayçılıq da nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb. Ulu babalarından yadigar qalan qalayçılığı bu gün Bərdədə yaşadan sənətkarlardan biri Əliəkbər Hacıoğludur.
Əliəkbər Hacıoğlu AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, babası, atası, qardaşları qalayçılıq sənəti ilə məşğul olublar: “Gözümü açandan bu sənəti görmüşəm və gənc yaşlarımdan qalayçılıqla məşğulam. Bu qədim sənəti yaşadır, insanlara xidmət edirəm. Əvvəllər misgərliklə də məşğul olurduq. Qazanlar, kasalar, müxtəlif qablar düzəldirdik. İndi tələbat olmadığı üçün əsasən təmir işləri ilə məşğulam. İnsanların məişətdə istifadə etdikləri köhnə əşyaları, qabları, samovarları təmir edirəm”.