Fərid Bağırov: İnklüziv təhsildə incəsənətin uşaqlara təsiri çox böyükdür
26.05.2025 [18:23]
Müasir dövrdə incəsənət təkcə yaradıcılıq sahəsi deyil, eyni zamanda fərdin sosial, emosional və psixoloji inkişafına təsir göstərən mühüm vasitə kimi çıxış edir. Rənglərin, səslərin, hərəkətlərin dili ilə danışan incəsənət, fərdin özünü tanıması, cəmiyyətə inteqrasiyası və mənəvi zənginliyə qovuşması üçün əvəzsiz bir vasitədir. Bu maraq təkcə istedadlı və yaradıcı gəncləri deyil, eyni zamanda, inklüziv təhsilə cəlb olunmuş, müxtəlif bacarıq və inkişaf xüsusiyyətlərinə malik uşaqları da əhatə edir. Onlar üçün incəsənət terapiya, özünüifadə yolu, güvən mənbəyinə çevrilir. Məhz bu səbəbdən Azərbaycanda inklüziv təhsilin incəsənətlə birləşdiyi nümunələr böyük önəm daşıyır. Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov AZƏRTAC-ın müxbiri ilə söhbətində ölkədə gənclərin aktyorluq sənətinə olan marağının artmasından, inklüziv təhsilin əhəmiyyətindən və gənclərin yaradıcı potensialının inkişaf etdirilməsinin zəruriliyindən danışıb.