Dağların qoynuna sığınan, böyük sənətkarın adını daşıyan, ölməz sənəti təbliğ edən məktəb
31.05.2025 [19:32]
Kiçik Qafqaz dağlarının qoynunda yerləşən əsrarəngiz təbiətə malik Gədəbəy aşıqlar diyarıdır. Burada neçə-neçə sənətkar ecazkar musiqi aləti olan sazın eşqinə aşıq poeziyasının nadir incilərinə, dastanlara, saz havalarına həyat verib, milli-mənəvi dəyərlərimizi əsrlərdən-əsrlərə daşıyıb. Elə Azərbaycanda ilk dəfə yaradılan aşıq məktəbi də məhz Gədəbəy rayonunda fəaliyyət göstərir. Bu musiqi ocağının təməli 2009-cu il mayın 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub. 2013-cü ilin sentyabrında açılışı olan məktəbdə bir il sonra tədrisə başlanılıb. Bu ay Nazirlər Kabinetinin qərarı ilə Gədəbəy Aşıq Məktəbinə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el sənətkarı Aşıq Ələsgərin adı verilib. Məktəbə üz tutanları da ilk olaraq onun həyətində Türk dünyasının görkəmli nümayəndəsi olan böyük aşığın heykəli salamlayır.