Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi Ağayev: Türk Dünyasının zəngin irsinin təbliğinə dair konfransın Almaniyada keçirilməsinin böyük siyasi önəmi var

04.06.2025 [14:43]

Xəbərin mətni

Bu gün həqiqətən də tarixi gündür. İlk dəfədir ki, Avropada, o cümlədən Almaniyada türk xalqlarının, türkdilli dövlətlərin elmi-mədəni irsi, dünya mədəniyyətinə və elminə töhfələrinə həsr olunmuş belə genişmiqyaslı tədbir keçiririk. Çox şadıq ki, bu tədbir məhz Azərbaycanın Berlindəki Mədəniyyət Mərkəzində təşkil olunub. Məqsədimiz TÜRKSOY, digər həmkar və tərəfdaş təşkilatlarla, eyni zamanda, türk dövlətlərinin Berlindəki səfirlikləri ilə birgə ortaq mədəniyyətimizin yerli ictimaiyyətə çatdırılmasıdır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Türk Dünyasının dünya elminə və mədəniyyətinə töhfələrinə dair iyunun 3-də Berlində keçirilən beynəlxalq konfransla bağlı jurnalistlərə açıqlamasında deyib.