Milli Məclisin sədri: Vaşinqton razılaşması Azərbaycanın son illərdə əldə etdiyi ən mühüm siyasi uğurlardandır
09.09.2025 [17:02]
Vaşinqton razılaşması Azərbaycanın son illərdə əldə etdiyi ən mühüm siyasi və diplomatik uğurlardan biridir. Bu hadisənin “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş verməsi isə xüsusi simvolik məna daşıyır. ABŞ Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda uzunmüddətli sülh gündəliyinin formalaşmasına təkan verir. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi layihəsinin də bu kontekstdə reallaşması regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Bu fikirləri parlamentin sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən bugünkü xüsusi iclasda çıxışı zamanı səsləndirib.