Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıl şəhərindəki ikinci və üçüncü yaşayış komplekslərində, ümumilikdə, 48 binanın inşası planlaşdırılır

29.10.2025 [21:05]

Xəbərin mətni

Cəbrayıl şəhərində inşa olunan ikinci və üçüncü yaşayış komplekslərində sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ikinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq. Üçüncü yaşayış kompleksinin ümumi sahəsi isə 5 hektardan artıqdır. Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur.