907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır
09.01.2026 [17:03]
Azadlığı Müdafiə Aktı SSRİ-nin dağılmasından sonra ABŞ tərəfindən yeni müstəqillik əldə etmiş dövlətlərdə demokratik idarəetmə və azad bazar iqtisadiyyatına keçidi sürətləndirmək məqsədilə 1992-ci ildə qəbul edilib. Əfsuslar olsun ki, Azərbaycan torpaqlarının işğala məruz qaldığı bir vaxtda ABŞ-dakı erməni diasporu və onların təsirli lobbi təşkilatlarının təşəbbüsü ilə həmin akta 907-ci düzəliş edildi. Beləliklə, 1992-ci ilin oktyabr ayından etibarən Azadlığı Müdafiə Aktına edilən bu dəyişikliklə Birləşmiş Ştatların Azərbaycana birbaşa yardımı qadağan edildi. Bununla da Azərbaycan ABŞ-ın post-sovet məkanında yardım və dəstəyini birbaşa qəbul edə bilməyən yeganə dövlətə çevrildi. Zaman-zaman Birləşmiş Ştatlar öz maraqlarına uyğun olaraq bu müddəanın tətbiqini dondurub.