Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir

28.02.2026 [00:42]

Xəbərin mətni

Ölkə rəhbərliyinin daimi diqqəti altında ötən 20 il ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, strateji planlaşdırma sənədlərinin hazırlanması, ərazi planlaşdırılmasının müasir prinsiplər əsasında qurulması, idarəetmə mexanizmlərinin gücləndirilməsi və rəqəmsal transformasiya istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilib. Şəhər və kənd məkanlarının tarazlı inkişafının təmin olunması, son 5 ildə isə postmünaqişə dövründə yeni yaşayış məntəqələrinin salınması, müasir və dayanıqlı məkan modelinin formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bu günədək ölkəmizin 79 şəhərindən 67-nin Baş planı təsdiq olunub, qalan şəhərlərin planlarının yenilənməsi üzrə işlər davam edir. AZƏRTAC xəbər verir ki, bunu "Təməl" memarlıq mükafatının təqdimetmə mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.