Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır

11.04.2026 [16:48]

Xəbərin mətni

Bu təşəbbüs çərçivəsində artıq dördüncü görüş baş tutub, ilk səfərlər artıq həyata keçirilib. Həmin vaxt Azərbaycan vətəndaş cəmiyyətinin 5 nəfər nümayəndəsi Ermənistana, daha sonra isə Ermənistan vətəndaş cəmiyyətinin 5 nəfər nümayəndəsi Azərbaycana səfər etmişdi. Bu il isə daha geniş tərkibdə, təxminən 20 nəfər vətəndaş cəmiyyəti nümayəndəsi əvvəlcə Ermənistana, daha sonra isə Azərbaycana səfər edib. Hazırkı dövrdə bu prosesin simvolik mənası ondan ibarətdir ki, gediş-gəliş delimitasiya və demarkasiya olunmuş sərhəd hissəsindən həyata keçirilir. AZƏRTAC xəbər verir ki, bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.