Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır
15.06.2026 [11:38]
Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan XX əsrin 90-cı illərinin əvvəllərində digər postsovet ölkələri kimi ağır sınaqlarla üzləşmişdi. Daxili siyasi böhranın və iqtisadi tənəzzülün dərinləşməsi, qarşıdurmaların və separatçılıq meyillərinin güclənməsi, xarici təhdidlərin artması fonunda Ermənistanın hərbi təcavüzü Azərbaycanın parçalanması, hətta dünya xəritəsindən silinməsi təhlükəsini yaratmışdı.Belə bir mürəkkəb və taleyüklü şəraitdə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı tənəzzüldən xilas etdi, ölkənin inkişaf və tərəqqi yoluna çıxmasının əsasını qoydu. Məhz buna görə də 15 İyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.