Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar Babayev: Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır

07.09.2026 [13:04]

Xəbərin mətni

İqlim üzrə əməkdaşlığı qorumaq üçün davamlılığı qorumalıyıq. Beynəlxalq iqlim prosesi hər COP-da hər şeyi yenidən başlamağa imkan verə bilməz. Əvvəlki razılaşmalar növbəti mərhələnin əsasını təşkil etməli, daimi yenidən danışıqların predmetinə çevrilməməlidir. Lakin davamlılıq həm də əldə olunan nəticələrin həyata keçirilməsinin davam etdirilməsi deməkdir. Digər tərəfdən icranı görünən etməliyik. Maliyyələşdirilən layihələr, inşa edilən elektrik şəbəkələri, şəbəkəyə qoşulan bərpaolunan enerji gücləri, gücləndirilən su sistemləri və qorunan icmalar real nəticələrin göstəriciləridir. Bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində keçirilən "Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" mövzusunda panel sessiyada çıxışı zamanı Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.