Muxtar Babayev: İqlim sahəsində əməkdaşlıq üçün şərtlər 10 il əvvəllə müqayisədə daha da çətinləşib
09.09.2026 [12:14]
Paris Sazişi təxminən on il əvvəl qəbul ediləndə qarşıda duran əsas vəzifə çox aydın idi: vahid qlobal istiqamət ətrafında konsensus formalaşdırmaq. O vaxtdan bəri çox şeyə nail olunub. Lakin həmin Sazişi həyata keçirməyə çalışdığımız dünya köklü şəkildə dəyişib. Pandemiya dövrünü yaşadıq. Münaqişələrin, enerji böhranlarının, inflyasiyanın və artan geosiyasi rəqabətin şahidi olduq. Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "COP31-dən sonra iqlim liderliyi: Tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi" mövzusunda dəyirmi masada çıxış edərkən deyib.