Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və TDT məkanının strateji çəkisi: enerji və nəqliyyat bağlantılarının rolu

18.09.2026 [16:40]

Xəbərin mətni

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində enerji və nəqliyyat bağlantılarının əhəmiyyətinə dair mövqeyi daha geniş geoiqtisadi proseslər fonunda nəzərdən keçirilməlidir. Azərbaycanın coğrafi mövqeyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır: ölkə Mərkəzi Asiya ilə Cənubi Qafqazı, Türkiyə və Avropa bazarlarını birləşdirən əsas qovşaqlardan birində yerləşir. Prezident İlham Əliyev də Azərbaycanın coğrafiyasının yalnız infrastrukturla tamamlandıqda real strateji üstünlüyə çevrildiyini vurğulayıb və ölkənin Şərq–Qərb və Şimal–Cənub dəhlizlərində beynəlxalq nəqliyyat qovşağı kimi rolunu qeyd edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu baxımdan Orta Dəhliz Azərbaycanın və bütövlükdə TDT məkanının strateji əhəmiyyətini artıran əsas amillərdən biridir.