Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır
01.10.2026 [16:21]
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin artdığı, dezinformasiya və nifrət nitqinin qarşıdurma vasitəsinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar medianın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Dövlətlər və cəmiyyətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsi media sahəsində də əlaqələndirilmiş səyləri zəruri edir. AZƏRTAC xəbər verir ki, bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunda çıxışı zamanı bildirib.